Yəqin sizə də metrodan çıxanda üzərində iş elanı yazılan vərəqlər, bildirişlər uzadılıb. Amma təkcə bunlar da deyil. Həmin iş bürolarının reklam və elanları metro vaqonlarını, gediş-gəlişin intensiv olduğu məkanlarda divarları, avtobusların pəncərələrini “bəzəyir”. Bu elanlarda camaata yaxşı, əlverişli və sərfəli iş yerləri təklif olunur. “Menyü”də hər peşə və sənət üzrə iş yerləri var...
İşədüzəltmə agentliklərinin fəaliyyəti ilə tanış olmaq üçün elə metroların birinin qarşısında ovcumuza qoyulmuş vərəqdə yazılan ünvana üz tutmağı qərara aldıq. Ondan əvvəl isə işədüzəltmə agentliklərinin tarixi haqqında qısa məlumat almaq üçün kiçik bir araşdırma apardıq.
İlk iş büroları haçan yaranıb?
Tarixdən belə məlum olur ki, ilk işədüzəltmə agentliyi 1893-cü ildə Amerika Birləşmiş Ştatlarında Fred Uilson adlı bir işbaz tərəfindən açılıb. İkinci agentlik isə 1906-cı ildə Ketrin Felton tərəfindən ABŞ-da yaşanan dəhşətli San-Fransisko zəlzələsinin yaratdığı problemlərə bir sosial cavab kimi təşkil edilib. Bundan sonra işədüzəltmə agentliklərinin sayı artmağa və Avropa ölkələrinə də yayılmağa başlayıb.
Belə iş bürolarının yaranması sahəsində əsl bum II Dünya müharibəsindən sonra yaşanıb. Bu savaşda məğlubiyyətə uğramış və başdan-başa xarabalığa çevrilmiş Hitler Almaniyasının işçi qüvvəsinə daha çox ehtiyacı olub. Bu ehtiyacı ödəmək üçün müqavilə əsasında bir çox ölkələrdən, eləcə də Türkiyədən xeyli sayda işçi qüvvəsi Almaniyaya daşınıb. Bu isə sonradan ənənə halını almağa başlayıb. Məhz bu səbəbdən də Almaniya türklərin daha çox yaşadığı Avropa dövlətidir. Qeyd edək ki, dövlətlər arasında işçi qüvvəsi mübadiləsi ilə bağlı yaranan agentliklər indinin özündə də fəaliyyət göstərir.
Azərbaycanda ilk təcrübə
Azərbaycanda işədüzəltmə ənənəsi keçmiş Sovetlər Birliyi dövründə formalaşıb. SSRİ dövründə kommunist ideologiyasına görə işsiz adam olmamalı idi. Bu səbəbdən də insanlar bəzi hallarda istəmədikləri peşələrdə çalışmağa məcbur edilirdi. 80-ci illərin sonunda - SSRİ-nin çöküşü ərəfəsində vəziyyət dəyişdi. Bu nəhəng dövlətin ərazisində ilk işsizlər ordusu yaranmağa başladı. Kütləvi işsizliyin qarşısını almaq məqsədilə xüsusi idarələr yaradıldı. Azərbaycanda da belə qurum var idi, amma onun fəaliyyəti o qədər də hiss olunmurdu.
Azərbaycan müstəqillik əldə edəndən sonra bu funksiyanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) həyata keçirməyə başladı. Eyni zamanda özəl məşğulluq idarələri də fəaliyyətə başladı. Lakin Nazirlər Kabinetinin 2001-ci ildə verdiyi sərəncamla özəl işədüzəltmə bürolarının lisenziyaları ləğv edildi. Qeyd edək ki, 2001-ci ildə Azərbaycanda lisenziya əsasında 30 kadr agentliyi fəaliyyət göstərirdi.
Bəs indi? Bu idarələrin sayını aydınlaşdırmaq qərarına gəldik. Özəl məşğulluq idarələrinin Ədliyyə Nazirliyində qeydiyyatda olduğu deyilsə də onların sayını müəyyənləşdirə bilmədik. Nazirlikdən bizə Baş Məşğulluq İdarəsi ilə əlaqə saxlamağımızı məsləhət gördülər. Respublika Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov isə onlarda özəl məşğulluq idarələri ilə bağlı məlumatın olmadığını söylədi: “2001-ci ildə 80-dən çox lisenziya növü ləğv olundu. O zaman işədüzəltmə agentliklərinin də lisenziyaları əllərindən alındı. Bizim idarənin özəl müəssisələrə girmək və orada yoxlama aparmaq səlahiyyəti yoxdur. Onların hazırda nə işlə məşğul olduğunu bilmirik”.
Fahişəlik də işdirmi?!
Heç bir dövlət qurumunun nəzarət etmədiyi işədüzəltmə agentliklərinin qanunsuz fəaliyyəti, daha dəqiq desək, vətəndaşları işə düzəltmə adı ilə öz fırıldağının qurbanına çevirməsi bir sıra ağır nəticələrə də gətirib çıxarır. Belə ki, insan alverinin qurbanı olan şəxslərin, xüsusilə də qadınların böyük bir qismi məhz işədüzəltmə agentlikləri tərəfindən aldadılaraq xarici ölkələrə aparılır. Onların, xüsusilə də qadınların sonrakı taleyi də məlumdur - çoxu fahişəliyə məcbur edilir. Bundan başqa, insan alverçilərinin daha çox internatlara üz tutduğunu və buradakı qızların yetkinlik yaşına çatdıqdan sonra qarşılaşdığı problemlərdən məharətlə istifadə etməsinə dair də faktlar yetərincədir. Bu kateqoriyadan olan qızların da əsasən xaricdə yaxşı iş vədi ilə aldadılmasına dair böyük statistika var. Onu da qeyd edək ki, bu tipli cinayətləri törədənlər ələ keçərsə, onlara qarşı Cinayət Məcəlləsinin 144.1-ci (insan alveri) maddəsi ilə cinayət işi açılır.
İşədüzəltmə agentliklərindən əlavə bir sıra işbazlar da İnternet imkanlarından gen-bol istifadə edir, onların xətti ilə iş tapmağa bel bağlayan müştərilərini əməlli-başlı soyur.
Özəl iş bürolarında şəxsiyyət vəsiqələri girov götürülür
Ölkədə işədüzəltmə prosesinin necə getdiyinə aydınlıq gətirmək məqsədilə paytaxtda fəaliyyət göstərən “Xəzərservis” agentliyinə müraciət etdik. Bu şirkətin adını bəlkə də hər biriniz görmüsünüz, eşitmisiniz. Çünki metroda elə vaqon yoxdur ki, orada bu qurumun “İş axtaranların nəzərinə! ”Xəzərservis" sizin münasib işlə təmin olunmağınıza yardım edir" məzmunlu elanı yapışdırılmasın. Agentliyin sizə təklif etdiyi işlərin siyahısı, ofislə əlaqə telefonları, ünvan-filan da həmin elanlarda aydın göstərilir. Ən maraqlısı o idi ki, bu siyahıda xüsusi təhsil və istedad tələb etməyən işlərlə yanaşı xüsusi ali təhsil tələb edən işlər də vardı - kuryer, poçtalyon, gözətçi, ofisiant, tərcüməçi, müəllim, mühəndis...
Maraq güc gəldi, “Xəzərservis”ə zəng vurdum. Təbii ki, iş “axtarırdım”. Dəstəyi götürən xanım əməkdaş ofisə iş üçün müraciət edərkən şəxsiyyət vəsiqəsi və ilkin ödəniş üçün 5 manat məbləğində pul gətirməyin lazım olduğunu söylədi. Yanvarın 29-da iş axtarmaq adı ilə agentliyin Cavad xan küçəsi, 48 ünvanında yerləşən ofisinə getdim. Çoxmərtəbəli təzə binanın birinci mərtəbəsində yerləşən ofisin girişində agentliyin adı yazılmasaydı, ora müraciət edən adamlar bu yerin işədüzəltmə agentliyi olmasına çətin inanardı. Təxminən 15 kvadratmetr sahəsi olan otağın bir tərəfi dərzixana idi, orada pal-paltar tikilirdi. Həmin otağın digər küncündə isə 4-5 əməkdaş ofisə işlə bağlı müraciət edənləri qəbul etməklə məşğul idi.
Mən də yaxınlaşıb işlə bağlı müraciət etmək istədiyimi deyirəm. Gözləməyimi xahiş edirlər. Bu vaxt gənc bir oğlan içəri girərək göndərildiyi yerdəki işlə razılaşmadığını deyir. Danışığından məlum olur ki, onu “oxrannik” işinə düzəldirmişlər. Oğlan geri qayıdaraq ona təcili pul lazım olduğunu, təklif edilən işin isə ona sərf etmədiyini deyir: “150 manat maaş verirlər. Formanın pulunu da məndən çıxırlar. Onun 30 faizini sizə verəndə mənə heç nə qalmır. Tələbəyəm, elə iş olsun ki, məni yola verə bilsin”.
Yaşının 30 olduğunu deyən və ofisiant işləmək istəyən bir şəxsi isə elə ofisdəncə geri qaytarırlar. Ona bildirilir ki, kafe və restoranlarda bu iş üçün gəncləri istəyirlər.
Əməkdaşların müştərilərlə söhbətinə qulaq asıram. İş üçün müraciət edənlərə verilən təlimatdan məlum olurdu ki, ofisin köməyi ilə işlə təmin olunan və maaşı 150 manata qədər olan şəxslər əməkhaqqının 30 faizini, məvacibi 200 manatdan yuxarı olanlar isə maaşının 40 faizini agentliyə ödəməlidir.
Nəhayət, mənim növbəm yaxınlaşdı. Ali təhsilli olduğumu, ingilis dilinin filologiyası üzrə diplom aldığımı və ixtisasım üzrə iş axtardığımı deyirəm. Mənə kursda dərs demək təklif olunur. Razılaşıram. Katibə 4-5 tədris kursuna zəng vurdu. Bütün yerlər dolmuşdu. Nəhayət, “Artemida” tədris kursunda boş yerin olduğunu bildirdilər.
Bundan sonra müqavilə ilə tanış oldum. Müqavilədə qeyd edilirdi ki, vətəndaş işlə təmin ediləndən sonra birinci ayın əməkhaqqının 40 faizini agentliyə ödəməlidir. Ödəmənin gecikdirildiyi hər gün 40 faizin üzərinə aylıq əməkhaqqının 0.01 faizi də əlavə olunur. İşə götürülən şəxs işə düzəldiyini gizlədib agentliyə bu haqda yanlış məlumat versə, əməkhaqqının 100 faizi cərimə kimi agentliyə ödənilir. Müqavilənin müddəti isə 45 gündür. Agentlik vətəndaşın işlə təmin edilməsinə 45 gün müddətində məsuliyyət daşıyır. Cəhdlər baş tutmasa, müqavilə təzələnir, yenidən 5 manat ödəmək lazım gəlir.
Şərtlərlə razılaşıram. Onu da deyim ki, alınan maaşın məbləğindən asılı olaraq çıxılan faiz fərqi müqavilədə öz əksini tapmamışdı. Müqavilədə yalnız 40 faiz qeyd edilmişdi. 5 manatı ödədim. Amma bununla bağlı mənə çek verilmədi. Qeydiyyat aparılandan sonra şəxsiyyət vəsiqəmi girov götürdülər. Dedilər ki, işə düzələndən sonra gəlib götürə bilərsən. Katibəyə deyirəm ki, dostlarım da mənə iş axtarır: “Daha yaxşı iş olsa, mən yəqin ki, gəlib vəsiqəmi götürə bilərəm”. Cavabı belə oldu ki, problem yoxdur, amma vəsiqəni götürmək üçün bir gün əvvəldən xəbər verməliyəm.
Göndəriş vərəqini götürüb Azadlıq prospektində yerləşən “Artemida” kursuna yollanıram. Məni qəbul edən katibə müdirin yerində olmadığını deyir: “Nömrənizi verin, biz sizinlə əlaqə saxlayarıq”.
Şərtlərin necə olduğunu soruşuram. Katibə deyir ki, iş rejimi səhər saat 9-dan axşam saat 9-a qədərdir. Dərslər məktəbdəki kimi cədvəl üzrə keçirilir. Əməkhaqqına gəlincə isə bunu müdirlə danışmağımızı məsləhət gördülər.
Bir gün sonra “Xəzərservis”ə zəng vurub başqa iş tapdığımı və şəxsiyyət vəsiqəmin lazım olduğunu deyirəm. Cavab belə olur ki, səhər saat 12-də gəlib götürə bilərəm. Təyin olunmuş vaxtda agentliyə gedirəm. Öncə göndərdikləri kursda işə götürüldüyümdən şübhələnərək “Bax, yalan danışsan, səni cərimə gözləyir ha” deyirlər. Amma şəxsiyyət vəsiqəmi qaytarmırlar. Məlum olur ki, bir gün öncə zəng vurub bildirsəm də adımı qeydiyyata salmayıblar. Vəsiqəmi yalnız səhərisi gün götürməli oluram.
“Qanunla fəaliyyət göstərdiyimizdən möhürə ehtiyac yoxdur”
Növbəti gün şəxsiyyət vəsiqəmi almaq üçün yenidən agentliyə yollanıram. Burada mənə qaranlıq qalan məqamları aydınlaşdırmaq üçün əməkdaşlara bəzi-para suallar verirəm. Müqavilədə möhürün olmamasının, müqavilənin ikinci nüsxəsinin mənə niyə verilməməsinin səbəblərini soruşuram. Orijinal cavab alıram: “Biz qanuni fəaliyyət göstəririk. Ona görə də möhürə, yaxud müqavilənin ikinci nüsxəsini verməyə ehtiyac yoxdur”.
Katibələrdən məktəblərlə əlaqələrinin olub-olmadığını soruşuram. Cavabları belə olur: “Biz özəl müəssisələrlə işləyirik. Dövlət müəssisələri ilə işimiz yoxdur. Məktəblərlə isə ümumiyyətlə əlaqələrimiz yoxdur. Səni pulsuz məktəbə işəmi götürərlər?”
Nəhayət, girov qoyduğum vəsiqəni də götürüb oradan uzaqlaşıram. Onu da deyim ki, bu araşdırmaya nöqtə qoyub “Xəzərservis”in ofisindən çıxdım. Metroya tərəf gəlirdim. Redaksiyaya qayıdıb materialı işləməyə tələsirdim. Amma elə bu məqamda metronun “Memar Əcəmi” stansiyasının qarşısında mobil telefonumu oğurladılar. Elə oradaca qərarlaşdırdım ki, növbəti araşdırmamı cibgirlərə həsr edim. İşsiz qalmaqdansa, heç olmasa ölkədəki bu rəzalətin kökünü kəsməyə imkanımız daxilində yardım edək.
1860 dəfə baxılıb
<< Ana səhifə | Proje