<< Ana səhifə | Müsahibə
30.03.2009 [08:28]
“ƏSGƏRLİKDƏ ALTI AY FASİLƏSİZ DÖYÜLMÜŞƏM”
Əlövsət Əli: “Məktəb illərində şeirlər yazmışam, hekayələrim, detektiv yazılarım var”
“Saxladığım at ağacları yediyi üçün müvəqqəti Biləsuvara göndərmişəm”
Maşına oturanda öncə “sürücüsü” ilə tanış eləyir: “Ormandır, bizim ailənin üzvü”. Hazırda tələbə olan oğlunun nadir adlardan birini daşıdığını qeyd eləyəndə isə “Sabir bəy qoyub” cavabını verir. Məlum olur ki, 9 qardaşın böyüyü olan Sabir bəy Rüstəmxanlılar ailəsinin həm də “Dədə Qorqudu”dur: “Bizdə uşaqların adını Sabir bəy qoyub. O biri oğlum Türkel əsgərdir. Ona da adı Sabir bəy verib. Yalnız qızım Fatimənin adını mən təklif eləmişəm”.

Budəfəki müsahibimizi rubrikamızın ən səmimi qonaqları sırasına heç bir tərəddüd etmədən yaza bilərik. İnstitutdan əvvəl staj xatirinə sovxozda çoban işlədiyini, mal-heyvana baxdığını, əsgərlikdə döyüldüyünü heç bir kompleks duymadan səmimi şəkildə söyləyən həmsöhbətim keçmiş polis rəisi, Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyevdir. Ayrılarkən soyadındakı -ov sonluğundan imtina etməsi isə söhbətimizin maraqlı yekunu və özəlliyi oldu. 
“8-ci km” bazarı tərəfdən keçəndə “mən buralarda işləmişəm” deyə bildirdi. Demə, tələbəçilik vaxtı Naxçıvani küçəsindəki maşın dayanacağında gözətçi işləyirmiş:

- 81-82-ci illər idi. O vaxt pullu dayanacaqlar az idi. Biri də “vosmoy”daydı. Həftədə iki dəfə gəlirdim, hər qalanda 10 manat alırdım. Yaxşı pul idi. Amma bu, əlavə iş idi. Başqa yerdə də gözətçi işləyirdim.

- Gündüz tələbəçilik, gecə növbə, çətin deyildi?

- Burda çətin olurdu. Səhərə kimi mütləq yatmamalıydın. Gələnlərdən pul almalıydın, qapını açmalıydın, gedənləri yola salmalıydın.

- Heç kriminal hadisələrlə üzləşibsiz?

- Maşın aparma faktı olub. Mən qaldığım vaxt bir dəfə aparıblar, maşın xarab olub, mühərriki işə düşməyib, qaçıb gediblər. Yəqin, taleyim gətirib. Yatmışdım. Bir də gördüm maşını itələyib aparırlar, darvazadan çıxandan sonra “xod”a salmağa cəhd elədilər, alınmadı. Səs eşidən kimi oyanıb qaçdım, onlar da aradan çıxdılar.
Həmsöhbətim BDU-nun hüquq fakültəsini bitirib. Polisə isə heç də könüllü gəlməyib: 
- Biz universiteti qurtaranda Azərbaycanda ən demokratik mühit formalaşmışdı. O vaxt Tələbə Özünüidarəetmə Cəmiyyəti yaradılmışdı. Hüquq fakültəsinin 5-ci kursunda bu təşkilatın sədri mən idim. Tələbələrin bölgüsünü də mən apardım. Özü də çox obyektiv bölgüydü. Ən yüksək bal toplayanlar prokurorluğa düşdü. Yalnız Firudin Əliyev kənarda qaldı. Rəhmətlik Yusif Mehdiyev vardı, dedi mütləq “böyük qardaş”larımızdan biri olmalıdır. Ona görə bir rus vardı, onu götürdülər. İkinci yerdə olanlar polisə getdi. Digərləri ədliyyə sisteminə. Mənim diplom qiymətlərim 4,7 bal edirdi. Ona görə də özüm özümü DİN-ə yazdım. Ancaq daxili işlər orqanlarında işləmək arzum yox idi.

“Ələkrəm məni nazir təyin elədi”

Polisdəki ilk iş yeri Əzizbəyov polis idarəsində olub: “Azyaşlıların işi üzrə inspektor vəzifəsinə təyinatla gəldim. O vaxt nazir Aydın Məmmədov idi. Bir müddət sonra Masallıya müstəntiq təyin olundum və polis işini orda yaxşı öyrəndim. Çünki ora cinayət hadisələrinin daha çox olduğu rayonlardan biridir, əhalisi çoxdur. Bəzən olurdu ki, gündə 3-4 hadisə yerinə gedirdim. Polisə bu rayonda alışdım və polisdə işləməyi peşə kimi sevdim. Ardınca Lerikdə polis rəisi, sonra isə Lənkəranda işlədim”.
Ən çətin iş yeri də elə Lənkəranda olub: “Ələkrəm Hümbətovun vaxtıydı. Ələkrəmin məxfi sərəncamı var idi, məni ”daxili işlər naziri" təyin eləmişdi. Təbii ki, bununla bağlı raport və razılıq olmamışdı. Bu, ağır ittiham idi. Sonra onu qəzetlərdə çap elədilər, dəfələrlə bizim ailəyə qarşı ittiham kimi bunu səsləndiriblər. Deyim ki, Ələkrəmin əleyhinə ilk cinayət işini Azərbaycanda mən qaldırtmışam. Lerikdə polis rəisi olanda onun adamları polis şöbəsinə hücum eləmişdilər, atəş açmışdılar. Bir narkoman tutmuşduq, gəlmişdilər ki, onu buraxmaq lazımdır. O zaman mən ilk dəfə onların əleyhinə cinayət işi başladım. Həmin fakta görə biz tutduğumuz adamları mən Lənkəranda rəis işləyəndə həbsdən azad etdilər. Onlar da hamısı Lənkəranda mənimlə köhnə düşmənçiliyi yaşatmağa başladılar. Mən getdiyim gündən münaqişələr davam elədi. Amma həyatımdan çox razıyam ki, həmin dövrdə Lənkəranda məhz mən işləmişəm. Çoxları deyir təcrübən yox idi. AXC dövründə Lənkəran kimi böyük bir rayona bəlkə də yaşıma uyğun olmayan vəzifəyə təyin olunmuşdum. Amma AXC hakimiyyətinin ən uzunömürlü şəhərlərindən biri Lənkəran oldu. O vaxt Sirus Təbrizli Heydər Əliyevi təbliğ eləməyə gəlirdi, gedib prokuror, məhkəmə sədri ilə yeyib-içirdi. Mən gəlib görürdüm, deyirdim, Sirus bəy, siz təbliğat aparmalı deyilsiniz.
O dövrdə Ələkrəm adamlarını meşəyə çəkmişdi, naməlum adamlar zəng vururdu ki, “sən kimsən, Bakıdan Gəncəyədək hakimiyyət çevrilişi olub, bəylər hakimiyyətdən gedib, niyə bu, Lənkəranda qalmalıdır, sən həyatından qorxmursan?” Ancaq hakimiyyəti qoruyan rıçaqlardan biri polis olduğuna görə Ələkrəm gedib meşədə oturmuşdu. O vaxta qədər dözə bildik ki, yuxarı səviyyədə hakimiyyət dəyişikliyi oldu. 1993-cü ilin dekabrınadək polis rəisi işlədim".

“Komsomol projektoru” qəzetinin baş redaktoru

Söhbətin bu məqamında deyir ki, Bakıda onunçün ən doğma ünvan “Vahid bağı”dır. Səbəbini də açıqlayır: “Bakıya qəbula gələndə Sabir bəy bir dəfə dedi ki, mənim dostum var, gedək onunla səni tanış eləyim, səni yoxlasın görək niyə ”5" ala bilmirsən? Gəldim Kamil Vəli ilə məni tanış elədi. Kamil bəy məni sorğu-suala tutdu. Dedi ki, vallah, səni hazırlaşdırmağa ehtiyac yoxdur, rahat “5" ala bilərsən. Kamil Vəli o vaxt şəhərə ilk gəlişindən, tələbəliyindən danışdı, mənə ruh verdi. Yəqin, yaşla bağlı məsələdir, adam bir az romantik olurdu, hər baxdığın və söhbət etdiyin simalar adamın az qala idealına çevrilirdi. Kamil bəy mənə prinsipiallıq öyrətdi ki, daha yaxşı oxumaq lazımdır. Ondan sonra gedib imtahanda ”5" aldım. Bəlkə ona görə də “Vahid bağı” mənə bu qədər doğmadır".

“Lenin şəhərində Lenintək xidmət etmək”

- Sabir Rüstəmxanlının qardaşının ədəbi sahədə özünü sınamaması heç inandırıcı görünmür...

- Mən BDU-da oxuyanda fakültənin “Komsomol projektoru” qəzetinin baş redaktoru olmuşam. O vaxt universitetdə birinci qəzet sayılırdı. Dərsdən qaçanları, dərsi pozanları, davamiyyəti aşağı olanların şəkillərini çəkirdik, başları özlərinin olurdu, bəzək vururduq, verirdik qəzetə. İndi Firudin var, Qazaxda vəkildir, o da belə şeylərə həvəskar idi. Mən indiki Simbirskidə - Ulyanovskda hərbi xidmətdə olmuşam, elə ilk yazımı o vaxt yazmışam. Yardımlının “Yeni kənd” qəzetinə göndərmişdim. Bir səhifəlik yazı idi, çap olunmuşdu, “Lenin şəhərində Lenintək xidmət etmək”. (Gülür) Yazılarım çox olub. Məktəb illərində şeirlər yazmışam, hekayələrim olub, detektiv yazılarım var. Sadəcə, Sabir müəllimin qardaşı olmaq adamda həm də məsuliyyəti artırır. Ona görə adam yazdıqlarını da qorxusundan çap edə bilmir. Kənddə yaşayan qardaşım var, məktəb direktorudur. Uzun illərdir şeir yazır, amma kitabını çap etdirməyə qorxur. Bacım də şeir yazmasına baxmayaraq, çap etdirmir. Bu, məsuliyyətdən irəli gələn şeydir. Ya gərək Sabir müəllimdən yaxşı yazsınlar, ya da yazmasınlar. 

“İtim itkin düşdü”

Söhbətin bu məqamında Əlövsət bəy növbəti dəfə bizi təəccübləndirməyi bacarır. Məlum olur ki, o, son vaxtlaradək Masazırdakı həyətində at saxlayırmış: “Ağacları yeyirdi, ona görə göndərmişik müvəqqəti Biləsuvara. At minməyi çox xoşlayıram. Xüsusilə at yem yeyəndə onun yemək səsi mənim əsəblərimi sakitləşdirir”. Müsahibimin digər ev heyvanlarına da marağı böyükdür:

- Uşaqlarımın da ev heyvanlarına çox böyük marağı var. Biz heç vaxt yumurta almırıq. Həyətdə toyuq-cücə saxlayırıq. Həmişə yaxşı itimiz olub. Dağıstandan birini gətirmişdik, amma çox yekə idi. Hasar nə qədər hündür olsa da, gecə qaçıb bayıra çıxırdı. Adı “Kral” idi, elə krala da oxşayırdı. Bir dəfə də getdi, nəsə tapılmadı, bəlkə də oğurladılar. Nəsə, itkin düşdü... İndi kənddən başqasını gətirmişik, o da ona oxşayır. Orman tısbağadan tutmuş digər heyvanlaradək saxlayır. Çaya gedirik, xərçəng yığırıq. Çay qırağına gedən kimi Ormangil xüsusi həvəslə deyirlər biz getdik ilan tutmağa. Hətta tutduqları ilanın qarnından qurbağanı diri çıxarıblar. Uşaqlar əmiləri Sadat müəllimlə Faiqdən öyrəniblər belə şeyləri.

“Bakı həyatı yorucudur”

- Xüsusi istirahət qrafikiniz varmı?

- Yayda kəndə getmək bizdə xobbidir. Mən polisdə işlədiyim müddətdə və ondan sonra heç vaxt məzuniyyətdə olmamışam. Amma əgər ildə 10 günlük kəndə gedirəmsə, bu, çox böyük sevinc hissi olur. Biz ailədə 14 uşağıq - 9 qardaş, 5 bacı  - bu uşaqların hərəsinin ailəsindəki övladları da bir yerə yığılanda böyük bir komanda olur. Onları qruplara bölürük, yarışlar keçiririk. Bəzən mən bütün il boyu hazırlaşıram ki, builki yayda uşaqlara hansı sualları verəcəyəm. Çalışırıq ki, uşaqlar darıxmasın. Həm də uşaqlar ilboyu hazırlaşırlar ki, suallara daha yaxşı cavab verib birinci yeri tutsunlar. Bəzən mükafat, priz müəyyən edirik. Yəni o istirahət sırf uşaqlara həsr olunur. Kənd həyatı çəkir adamı. Bakı yaşamaq üçün çox darıxdırıcı yerdir. Bakı həyatı yorucudur. Xüsusilə Yardımlıya gedəndə çox rahat oluram. İki gün rayonda qalanda elə bilirəm bir aylıq məzuniyyətdə olmuşam. Yardımlıya gedəndə, əmilərim sağdır, biri 100 yaşını keçib, onlarla görüşürəm, balaca qardaşım yaylaqda, Savalan dağı ilə üzbəüz Haçayurd deyilən ərazidə fermer təsərrüfatı ilə məşğuldur, oralara çıxıram, meşələrə gedirəm. Ancaq birdəfəlik kəndə qayıtmaq haqda düşünməmişəm. Bakı bizi sıxsa da, hələlik burda yaşamağa məhkumuq.

“Məhərrəm Əliyevlə ciddi mübahisəm düşdü”

“Polisdə 14 il çalışandan sonra sistemdən uzaqlaşmasından da bəhs edir: “Məhərrəm Əliyevlə ciddi mübahisələrimiz düşdü. BŞBPİ-nin rəisi idi. Mən nazirə raport yazıb xahiş etdim ki, məni daxili işlər orqanlarından xaric eləsin. Həm də xidmət etmək istəmədiyimin səbəbini yazdım. Çox sağ olsun ki, verdiyim raport əsasında məni təqaüdə göndərdilər. Çünki mən Qarabağda olmuşdum”. Bu barədə sualımıza da ətraflı cavab verir:

- Masallıda müstəntiq işləyəndə DİN-ə gəlmişdim. Gördüm müstəntiqlərdən kimisə Qarabağa aparmaq istəyirlər, ancaq getmək istəmir. Mən düşünmürdüm elə bir azərbaycanlı olar ki, Qarabağda müharibə olsun, amma getmək istəməsin. Dərhal raport yazdım və getdik Dağlıq Qarabağa. İstintaq komissiyası yarandı. Şuşada olduq, Əsgərandakı mərmər zavodunda silah istehsalı faktını aşkar elədik, azərbaycanlıların əleyhinə cinayət törətmiş erməniləri tutduq. Amma sonradan onların hamısını təhvil verdilər, dəyişdilər bu və ya digər formada. Mən Xankəndinə lap sonuncu gedənlərdənəm. O vaxt DİN-də lənkəranlı İlqar var idi, deyirdi “mən talışam, mənimçün qorxusu yoxdur”, bir də Aydın Əzimov idi, bir yerdə gedirdik. Təəssüflər olsun ki, vaxtilə Dağlıq Qarabağdan fərarilik edənlər arasında indi generallar var. Ancaq Qarabağa gedənlərin heç biri hüquq-mühafizə orqanlarında qalmayıb. Əksəriyyəti mühacirətdədir. Bir qismi də işsiz-gücsüz Bakı küçələrindədir. Fərarilik edənlər isə indi yüksəkçinli vəzifələrdə çalışırlar.

- Qardaşlar arasında mübahisələr olurmu? Yoxsa elə xalq şairi, millət vəkili nə dedisə, o olur?

- Sabir bəylə çox mübahisələrimiz olur. O özü məsləhətləşməyi xoşlayan adamdır. Ən pis halda həftədə bir dəfə ölkədə olanda qardaşların birinin evində görüşürük və bütün məsələləri müzakirə edirik. Deməzdim bütün hallarda Sabir bəyin dedikləri olur, bəzən Sabir bəydən kiçik qardaşımızın, Mədət müəllimin sözü keçir. Təbii ki, hər birimizin təklifləri nəzərə alınır. Mübahisəli məsələlərdə Sabir bəyin qərarları ilə razılaşmasaq da, sonda onun düzgün proqnoz verdiyi üzə çıxır.

- Ailədə çox uşağın olması dava-dalaşa səbəb olmayıb ki?

- Biz heç vaxt evdə çox olmamışıq. Mən birinci sinfə gedəndə Sabir müəllim artıq institutun sonuncu kurslarında oxuyurdu. Mən institutda oxuyanda balaca qardaşım birinci sinfə gedib. Birimiz dərsdən gəlib qoyuna getmişik, o birimiz də qoyundan gəlib dərsə. (Gülür) Təbii ki, kiçik qardaşlar arasında “döyüşlər” olurdu. Ancaq heç vaxt böyüklərlə davaya risk eləməmişik. Atam çox qaraqabaq adam olub. Təkcə biz yox, qonşu uşaqlar da ondan çəkinirdi. Gözünü ağardanda bizi ağlamaq tuturdu. Mənsə heç vaxt dalaşqan olmamışam. Deyim kimisə döymüşəm, olmayıb. Əsgərlikdə olanda 6 ay dodağım sağalmayıb. Hansı üzümə yatırdım, gəlib tapırdılar, hər dəfə eyni yerdən vururdular. (Gülüşürük) Bizdə “dedovşina” çox güclü idi. Altı ay fasiləsiz döyülmüşəm.
Miqrantlara hüquqi yardım göstərən Əlövsət bəy heç vaxt vətəndən getmək barədə düşünməyib: “Azərbaycandan onsuz da gedənlər çoxdur. Mən bu ölkənin hər bir kəsinin getməsinin əleyhinəyəm. Gedənlər olsun, amma Azərbaycanı sevərək getsinlər, nifrət edərək yox”.
Və sonda bir suala cavab istəyirəm:

- Əlövsət bəy, Sabir bəyin ən çox müraciət etdiyi mövzu soyadların milliləşdirilməsi olur. Siz niyə soyadınızı milliləşdirmirsiniz?

- Bu bizdə problemdir. Türkelin soyadı Əliyev, Ormanın Rüstəmxanlı, qızımın isə Əlidir. Ailədə üç uşaq var, üçünün də soyadı fərqlidir. Türkel doğulanda Rüstəmxanlı soyadını götürmək istədim, icazə vermədilər, dedilər sənədləşmə lazımdır. Tənbəllikdən Yardımlıya gedə bilmədim. Orman doğulanda artıq qanunlar dəyişmişdi, xahiş etdim, dərhal Rüstəmxanlı soyadı ilə şəhadətnamə verdilər. Qızım doğulanda isə hamımızın soyadını dəyişmək istədim. Amma artıq qanun icazə vermir. Qanuna görə, ancaq soyadın sonluğunu dəyişmək olar. Mən də gedib Əliyevi Əli elətdirəcəm. Bunun üçün sənədləri hazırlamışam. Amma Rüstəmxanlı ola bilməyəcəyik.

- Onda sizi siftə olaraq Əlövsət Əli kimi təqdim edə bilərik?

- (gülərək) Gələcək Əli... Olar, bir problem yoxdur.


Elşad PAŞASOY

1786 dəfə baxılıb

<< Ana səhifə | Müsahibə